Turizm anlaşma və tolerantlığın bələdçisi kimi

 

Mayın 31-də II Dünya Mədəniyyətlərarası Dialoq Forumu “JW Marriott Absheron” hotelində keçirilən sessiyalarla işini davam etdirdi. Forumun dördüncü sessiyası “Turizm insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas bələdçisi rolunda” mövzusuna həsr olunmuşdu.

   «ST-EP» Fondunun prezidenti, Dünya Turizm Təşkilatının keçmiş baş katibi Françesko Françallinin moderatorluğu ilə baş tutan sessiyada turizmin müasir qlobal mədəni proseslərdə, eyni zamanda mədəniyyətlərarası dialoqda rolu diqqətə çatdırıldı.

   UNESCO-nun sülh və qeyri-zorakılıq mədəniyyəti naminə sektorlararası platformasının direktoru Katerina Stenou çıxışında bildirdi ki, turizm insanlar arasında dostluq əlaqələrinin yaranmasına kömək edir. Onun fikrincə, turizm özlüyündə dəyərdir və insanların rifahının yaxşılaşdırılması üçün böyük imkanlara malikdir. K.Stenou UNESCO-nun müxtəlif xalqların mədəni xüsusiyyətlərinin qorunması sahəsində həyata keçirilən layihələrindən də danışdı. Qeyd etdi ki, bu layihələr xalqların bir-birinin mədəni dəyərlərindən qarşılıqlı şəkildə yararlana bilməsinə xidmət edir.

   ABŞ-ın Viskonsin-Stout Universitetinin professoru Cəfər Cəfərli İslam ölkələrinin böyük turizm imkanlarına malik olduğunu dedi. Onun sözlərinə görə, bu potensialdan İslam mədəniyyəti ilə dialoq yaratmaq üçün istifadə etmək mümkündür. Çünki turizm müxtəlif dəyərləri birləşdirən amildir.

   Tunisin keçmiş turizm naziri, Beynəlxalq Turizmdən Yazan Jurnalistlər Federasiyasının prezidenti Tijani Həddad bildirdi ki, turizm bir çox ölkələr üçün gəlir gətirən əsas sahədir. Turizmin sabit inkişafı təkcə iqtisadiyyatın inkişafında deyil, başqa sahələrin də tərəqqisində stimul rolunu oynayır: «Miqrasiya da turizm növlərindən biridir. Düzdür, turizmin bu növü o qədər də gəlirli deyil. Amma miqrantları da turist hesab etmək olar».

   Avropa Mədəni Marşrutlar İnstitutunun direktoru Penelope Denunun sözlərinə görə, turizm sektorunu genişləndirmək, insanların səyahət etməsi üçün əlverişli şərait yaratmaq lazımdır. Turizm müxtəlif konfessiyalar arasında əlaqələr yaradır ki, bu da qarşılıqlı anlaşma, tolerantlıq mühitinin yaxşılaşmasına xidmət edir.

   İsveçrənin Lozanna Universitetinin turizm sahəsində beynəlxalq iqtisadiyyat üzrə professoru Peter Keller bildirdi ki, bir çox ölkələrdə insanlar turizmin hesabına yaşayır. Bu fakt da özlüyündə həmin sahənin böyük humanitar əhəmiyyətinə dəlalət edir: “Biz turizmin insanlara sabit gəlir gətirməsinə can atmalıyıq. Bu, eyni zamanda dünyada yoxsulluğun azaldılmasına kömək edəcək”.

   Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov ölkəmizdə turizmin tədrisi sahəsində görülən işlərdən danışdı. Turizmin ölkəmizdə dinamik inkişaf edən sahələrdən biri olduğunu qeyd edən rektor rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verdi. Bildirildi ki, ATİ-də qurulan təhsil sisteminin təcrübəsindən Avropanın bir çox ölkələrinin turizm təhsili verən ali məktəbləri də yararlanmağa çalışır.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 4.